Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər.
O bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Vurğulanıb ki, proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq.
Görəsən, iş qrafikinin dəyişdirilməsi nəqliyyatın sıxlığının azaldılması istiqamətində effektiv ola bilər?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, iş saatlarının dəyişdirilməsi dövlət qurumlarında mümkün olacaq.
O bildirib ki, kommersiya qurumlarının qrafikinin dəyişdirilməsi problem yarada bilər, çünki işçilərin say tərkibi azdır:

"Buna nəzarət etmək çətin olacaq. Paytaxt yollarında ən çox sıxlıq yaradan isə təhsil müəssisələridir. Çünki valideynlərin əksəriyyəti uşaqlarını şəxsi nəqliyyat vasitələri ilə məktəblərə gətirirlər. Dövlət qurumları proqramda qeyd olunan məsələlərdən irəli gələrək hökumətə müvafiq tapşırıqlarını verməlidirlər. Proses kompleks şəkildə aparılmalıdır. Nəqliyyat infrastrukturu inkişaf etdirilməlidir. Hamısı birlikdə olsa, qrafikin dəyişməsinin də effektini görəcəyik. Əks halda istədiyimiz nəticəni ala bilmərik".
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə Oxu.Az-a bildirib ki, təhsil müəssisələrində iş saatının dəyişdirilməsinin əleyhinədir.
O vurğulayıb ki, uşaqların məktəbə səhər saatlarında getməsi daha effektivdir:

"Təhsil məsələlərinə hər hansı müdaxilə edilsə, neqativ təsirlərini hiss edəcəyik. Məsələyə kompleks yanaşmaq lazımdır. Öncəliklə, ictimai nəqliyyat əlçatan olmalıdır. Məsələn, müəssisə ayaqqabı istehsal edir. Onun işçisi 8 saat çalışmalıdır. Nəqliyyat əlçatan olsa, işçi rahatlıqla tıxaca düşməmək üçün axşam saatlarında işdən çıxıb evə gedə bilər. Bakının bir çox şəhər və qəsəbələrinə 22:00-dan sonra avtobus tapmaq mümkün deyil. O da düşünür ki, saat 18:00-da çıxım, evə də vaxtında çatım. Burada yeganə prioritet təhsilin toxunulmazlığı olmalıdır. İş saatları dəyişdirilsin, özəl sektorlar buna təşviq olunsun. Çünki dövlət qurumlarında çalışan əhalinin ümumi çəkisi iki faizdir. 5-6 dövlət qurumunda qrafiki dəyişmək istədiyimiz nəticəni verə bilməyəcək".