Bu il FİA GT seriyası mövsümünün yekun mərhələsi Azərbaycanın paytaxtında keçiriləcək.
Oxu.Az Avtosport-a istinadən xəbər verir ki, mərhələnin bu ilin oktyabrın 19-20-də keçirilməsi planlaşdırılır və o, çempionatın altı yarışdan ibarət seriyasında sonuncu olacaq.
Əvvəlcədən yarışın noyabrda, Yaxın Şərqdə keçirilməsi planlaşdırılırdı.
Yarışı Bakıda keçirmək barədə qərar yerli rəhbərliyin bu ideyaya müsbət münasibətindən irəli gəlir. O da qeyd olunur ki, ötən il Bakıda çempionata daxil olmayan, City Challenge adı altında keçirilən yarış baş tutub.
Mərhələnin mükafat fondu 175,000 avro təşkil edir. Bundan başqa, hər bir maşın starta görə 20,000 avro alacaq. Bütün aviadaşınmaların haqqını mərhələnin promouterləri ödəyəcəklər.
Yarış uzunluğu dörd kilometr təşkil edən yeni şəhər yolu ilə, Eurovision-2012-nin keçirildiyi Crystall Holl-un yaxınlığında keçiriləcək. Bu yol ötənilki yarışların keçirildiyi, şəhərin mərkəzində yerləşən daha qısa yolu əvəz edəcək.
Yarışda təkcə FIA GT seriyalı deyil, digər çempionatların da nümayəndələri iştirak edəcəklər.