Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda parklanma ilə bağlı məsafə qısaldılacaq
Bakının Mərkəzi Planlaşdırma Rayonunun Xüsusi Mühafizə Zonasının hüdudlarında, xüsusilə tarixi şəhər mərkəzində və küçələr boyu parklanma ilə bağlı vəziyyətin yaxşılaşdırılması nəzərdə tutulur.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Baş planda qeyd olunub ki, park edilən avtomobillə yaşayış və ya iş yeri arasında məsafəni qısaltmaq üçün mərkəzləşdirilməmiş parklanma həllərinin yaradılması da əsas hədəflər sırasındadır.
Hədəflər sırasında nəqliyyat vasitələrinin küçələr boyu parklanma yerlərindən avtomobil dayanacaqlarına köçürülməklə rahat və fasiləsiz nəqliyyat axınlarının təmin edilməsi və yol hərəkəti təhlükəsizliyinin artırılması, yeni dayanacaq və parklanma yerlərinin tələbata uyğun təmin edilməsi qeyd olunub.
Qeyd olunub ki, 2027-ci ilədək mövcud tələbata uyğun olaraq şəhər mərkəzində yeni parklanma yerləri yaradılacaq, parklanma yerlərinin sayının artırılması və şəhər inkişafına inteqrə edilməsi üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək.
Parklanma yerləri ilə bağlı yeni qaydaların tətbiqi yeni inşa olunan parklanma yerlərindən səmərəli istifadəni təmin edəcək.
Yeni inkişaf ərazilərində parklanma ilə bağlı çatışmazlığın kompensasiya edilməsini nəzərə almaqla parklanma qaydaları çərçivəsində yeni parklanma tarifləri müəyyən ediləcək.
2040-cı ilədək olan hədəflər sırasında əlavə parklanma yerlərinin mövcud yerüstü avtomobil dayanacaqlarında və ödənişsiz əsaslarla fəaliyyət göstərən ərazilərdə təmin edilməsi qeyd olunub.
Bundan başqa, vurğulanıb ki, parklanma yerlərinə olan tələbatı ödəmək üçün Xüsusi Mühafizə Zonasının hüdudlarından kənarda, onun sərhədinin birbaşa yaxınlığında yeni parklanma yerlərinin yaradılması tələb oluna bilər.
“Yeraltı avtomobil dayanacaqlarının inşası üçün şəhərdaxili yaşıllıq sahələri də nəzərə alınmalıdır (“Qış parkı”nda olduğu kimi)”, - deyə vurğulanıb.
Rəylər