Bakı Rusiya informasiya-mərkəzində IV xeyriyyə Pasxa bazarı açılıb.
Oxu.Az Vesti.az-a istinadən bildirir ki, təşrif buyuranları “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəsi Valentin denisov, Belarusiyanın Azərbaycandakı səfiri Nikolay Paskeviç, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın nümayəndəsi protoiyerey Konstantin Pominov salamlayıblar.
Pasxa bazarında ərzaq məhsulları ilə yanaşı, istehsalat malları da təqdim edilib. Burada keyfiyyətli bal, müxtəlif əşyalar, bijuteriya, məişət əşyaları və min bir xırdavat əldə etmək olar, bütün bunlar uyğun qiymətlərədir.
Xeyriyyə bazarından əldə edilən bütün vəsait Azərbaycanda uşaq evlərinin birində kimsəsiz uşaqların ehtiyaclarına sərf ediləcək.
Xeyriyyə Pasxa bazarının açılışında Milli Məclisin deputatları, nazirlik və rəhbər idarələrin nümayəndələri, diplomatlar, elm və mədəniyyət xadimləri, müxtəlif din nümayəndələri və biznesmenlər iştirak ediblər.
Xeyriyyə Pasxa bazarı Rusiya səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi və Rus provoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyası tərəfindən hazırlanıb və iki gün davam edəcək.