Bakıda polisə müqavimət göstərən, qəza şəraiti yaradan sürücü həbs edilib.
Bununla bağlı Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, 1999-cu il təvəllüdlü Nicat Ceyhun oğlu Həsənliyə Nizami Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə uyğun olaraq, 15 sutka inzibati həbs cəzası verilib.
10:29
Polisin “saxla” əmrinə dəfələrlə tabe olmayan sürücü hakim qarşısına çıxarılacaq.
Bununla bağlı Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli qeyd edib ki, paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə “saxla” əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmağa davam edib.
“Yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanılıb, lakin saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib. Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə təhvil verilib. Onun barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”.
Qeyd edək ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, polisə və digər avtomobillərə ciddi təhlükə törədən sürücü Sumqayıt sakini Nicat Həsənlidir. O, Sumqayıt və Bakı arasında taksi sürücüsü kimi fəaliyyət göstərib.
10:10
Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücü digər avtomobillərə ciddi təhlükə törədib.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videodan aydın olur ki, 77-EY-438 dövlət qeydiyyat nömrə nişanlı, “Ravon R3” markalı avtomobil hərəkətin aktiv olduğu yolda polisin “saxla” əmrinə tabe olmayaraq, təhlükəli manevrlər edir.
Qəza vəziyyəti yaradan sürücü yol polisi əməkdaşlarının səyi nəticəsində saxlanılıb.
Hadisənin görüntülərini təqdim edirik:
Aysel Aslan