Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, ev 36-da yaşayan Rüstəmovlar ailəsi sürprizlə üzləşib.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, ailə başçısı Cabbar Rüstəmov deyir ki, ötən ilin noyabr ayında onun mənzilindən yanacaq qoxusu gəlib.
O, da məcbur olub yataq otağının döşəməsini söküb. Məlum olub ki, evin döşəməsinin altında qurunt suyu ilə qarışıq mazut yığılıb. Onun evin digər otaqlarına keçməsinin qarşısı almaq üçün ev sahibi alternativ üsula əl atmalı olub. Belə ki, o, mazutu su nasosu vasitəsilə kanalizasiyaya axıtmalı olub.
Hazırda evin həyatyanı sahəsində asfalt qatının altında qaynayan mazutu görmək kifayətdir ki, Cabbarovlar ailəsini başa düşəsən. Cabbar Rüstəmov deyir ki, onun 8 nəfərdən ibarət ailə üzvü var. Artıq ailənin böyük oğlu kirayə çıxmalı olub. Səbəb isə evdə iy-qoxudan yaşamağın mümkünsüzlüyüdür. Bununla bağlı Rüstəmovlar ailəsi dəfələrlə aidiyyatı qurumlara müraciətlər də edib. Cavab isə bu olub ki, 1997-ci ildən məcburi köçkün ailəsinin yerləşdiyi mənzil tərk edilməli və yeni mənzillə təmin edilməlidir.
Sözügedən ünvanda yaşayan digər sakinlər də bu problemdən əziyyət çəkdiklərini bildirdi. Onların da evlərinin həyatyanı sahələri mazut içərisində idi. Bu problemlə əlaqədar ilk olaraq Sabunçu Rayunu İcra Hakimiyyətinin Sabunçu qəsəbə nümayəndəliyində olduq. Qurumdan bildirdilər ki, həmin mənzil nümayəndəliyin deyil, 148 saylı mənzil komunnal istismar sahəsinin balansındadır.
148 saylı mənzil komunnal istismar sahəsinin rəisi Mirzə Hacıyev isə bildirdi ki, həmin mənzil onların balansından ötən il çıxarılıb, ancaq buna baxmayaraq həmin problem tezliklə mənzil komunnal istismar sahəsi tərəfindən aradan qaldırılacaq.
Bundan başqa qurum rəisi onu da əlavə etdi ki, "Bu cür problemlər Sabunçu qəsəbəsində çoxdur. Səbəb isə buruqların istismar müddətinin bitməsi, onların fəaliyyətsizliyidir. Əsas problem isə mənzillərin qeyri-qanuni olaraq neft buruqları ərazisinə yaxın tikililməsidir. Nəticədə də qrunt suları mazutla bərabər evlərinin çağırılmamış qonağı olur. Belə olan təqdirdə də onlar mazut fəvvarələrinin əsirinə çevrilirlər".