"Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoranda quraşdırılmış avadanlığın səsi normdan artıqdır".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib.
"Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmış avadanlıqdan ətrafa səs-küy yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. Aparılan araşdırma və ölçmə işləri zamanı "Votf Project" MMC-yə məxsus restoranın havalandırma sisteminə quraşdırılmış avadanlıqdan ətrafa yayılan səs-küy səviyyəsinin ətraf mühit üçün yol verilən norma həddindən artıq olduğu müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub və MMC-nin inzibati məsuliyyətə cəlb olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür", - deyə məlumatda bildirilib.
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub.
Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranın havalandırma sistemi ilə bağlıdır.
Sakin iddia edir ki, restoranın havalandırma qurğuları binanın üst mərtəbəsindəki mənzilin pəncərəsinin alt hissəsində quraşdırılıb. Qurğular işlədiyi zaman yaranan güclü səs-küy mənzildə yaşayanların dincliyinə ciddi mane olur.
Şikayətçinin sözlərinə görə, xüsusilə gecə saatlarında vəziyyət daha da narahatedici olur. Belə ki, restoranın fəaliyyətindən əlavə, gecə saatlarında məkana gələn turistlərin yüksək səslə danışması və digər səs-küy də onların rahatlığını pozur.
Sakinlər bildirirlər ki, gecə saatlarında yaranan səs-küy səbəbindən mənzillərində normal istirahət etmək və yatmaq çətinləşib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib. Restoranın mövcud nömrələri ilə əlaqə saxlamaq mümkün olmayıb.