Ötən gün Bakının Qaradağ rayonunda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına qarşı təzyiqlər olub.
Oxu.az ANS PRESS-ə istinadan xəbər verir ki, stansiyadan verilən məlumata görə, axşam saat 21:22 radələrində Ələt qəsəbəsi sakini 60 yaşlı Gülxarə Fərzəliyev özünü öldürmək istəyib. Bu məqsədlə qadın sirkə turşusu içib. Hadisə yerinə həkim çağrılıb.
Hadisə yerinə gedən həkim Afər Süleymanova xəstə qadını ağır vəziyyətdə, sistem altında maşına mindirərək Kliniki Tibbi Mərkəzə aparıblar. Xəstə ilə birlikdə təcili yardım maşınına qadının qızı və oğlu da minib. Kişi sərxoş halda təcili yardım həkiminə qarşı zorakılıq edib. Daha sonra İnşaatçılar prospektində sərxoş kişi cibindən bıçaq çıxarıb və anasının öləcəyi təqdirdə həkimi də öldürəcəyini bildirib. Sonra təcili yardım maşınında olan avadanlıqarı sındırıb. Sonradan isə təcili yarıdm maşınının arxa qapısını açaraq, avtomobil hərəkət etdiyi zaman özünü çölə atıb.
Gülxarə Fərzəliyevanın vəziyyəti kritik olduğu və sistem altında qaldığı üçün təcili yardım maşını dayandırılmayıb. Lakin dərhal həmin əraziyə başqa təcili yardım maşını çağrılıb. Qadın və onun oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.