Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ali məktəbin həyətində etiraz aksiyası keçiriblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rektor aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxıb.
Tələbələrin qarşısında çıxış edən rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib.
Bununla bağlı qərarın Təhsil Nazirliyi tərəfindən veriləcəyini deyən rektor əlavə edib ki, sabahdan başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq:
“Məqsədimiz odur ki, imtahanlar şəffaf keçirilsin”.
Bundan sonra aksiya yekunlaşıb.
Öz növbəsində məsələ ilə bağlı APA-ya açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, hər universitetdə semestr imtahanlarının hansı formada keçirilməsi professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu, nazirlik tərəfindən təsdiq olunur:
“Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib”.
14:50
Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçirirlər.
Oxu.Az Qaynar.info-ya istinadən xəbər verir ki, hadisə yerində olan gənclərin verdiyi məlumata görə, tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir.
Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbərliyi imtahanların yazılı olacağını bildirib.
Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də, cavab ala bilməyiblər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər.
Hazırda mindən çox tələbə aksiyaya qoşulub.