Bu gecə saat 04.00 radələrində Bakının Nərimanov rayonunda, Həsən Əliyev küçəsindəki tuneldən qumbara tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qumbara tuneldə avtomobillərin hərəkət yoluna qutuda qadın çəkmələri ilə birlikdə qoyulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb ediliblər.
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik minatəmizləmə qrupunun komandiri Aydın Əliyevin APA-ya verdiyi məlumata görə, pirotexniklər hadisə yerindən başlıqsız F-1 əl qumbarası aşkarlayıblar. Xilasedicilər ətrafa baxış keçiriblər və heç bir partlayış təhlükəsi qeydə alınmayıb. Tapılan qumbara Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
www.oxu.az