Ötən gecə paytaxtın Səbail rayonu 20-ci sahə kimi tanınan ərazidə torpaq uçqunu baş verib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Lomonosov küçəsi 7 ünvanında baş verən hadisə zamanı hasarın aşması nəticəsində 40 yaşlı Habil Hacıyevə məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşüb.
Xoşbəxtlikdən uçqun anında ailənin iki azyaşlı övladı və ev sahibləri qonşuda olublar. Bu isə hadisə zamanı insan tələfatının qarşısını alıb.
Dağıntılar altında qalan mənzilin iki otağı, o cümlədən də mətbəx və hamam otağı da tamamilə yararsız vəziyyətə düşüb. Evin dam örtüyünə ziyan dəyib. Bir sözlə evi uçan ailə gecəni küçədə gecələmək məcburiyyətində qalıb.
Hadisə zamanı sürüşmə qonşuluqda yaşayan sakinlərə və onların evlərinə də ciddi ziyan vurub. Qonşuların sözlərinə görə, əgər vaxtında tədbir görülməsə bu ərazidə bu tipli hadisələr təkrarlana bilər.
Hadisə ilə bağlı ərazidə zərərçəkənlərin vəziyyəti ilə maraqlanan və baş verən hadisə barədə araşdırma aparan heç bir rəsmi qurum nümayəndəsi isə gözə dəyməyib. Ümid edirik ki, Hacıyevlər ailəsinin səsinə səs verən və ərazidə baş verə biləcək bu tipli uçqunların qarşısını almaq üçün müvafiq qurumların əməli işinin qısa zamanda şahidi ola biləcəyik.