Azərbaycanda keçirilmiş I Avropa Oyunları ərəfəsində paytaxt ərazisində müxtəlif xidmətlər və infrastruktur yenilikləri tətbiq olunub.
Yəqin oxucularımız da xatırlayar ki, belə yeniliklərdən biri Bakı bulvarında quraşdırılmış, günəş enerjisi ilə təchiz olan mobil telefonların şarj aparatları idi.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarının rahatlığını təmin edəcək bu qurğular iki ay öncə istifadəyə verilib.
Gözəl dizayna malik qurğular bulvarın bir neçə nöqtəsində quraşdırılıb.

Lakin oyunların başa çatmasından keçən qısa bir müddət ərzində artıq bu aparatların bəziləri məhv edilib.
Belə ki, metronun “Sahil” stansiyasından bulvar istiqamətində piyada keçidinin çıxışında quraşdırılmış şarj aparatı tamamilə məhv edilmiş sayıla bilər.
Qurğunun naqilləri yerindən qoparılıb və hazırda tamamilə istifadəyə yararsızdır

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Oxu.Az-a bildirib ki, hadisə ilə əlaqədar müvafiq qurumlara müraciət olunub.
Onun sözlərinə görə, yaxın zamanlarda Bulvar ərazisində mobil telefonların enerji təchizatını dolduran qurğunun naqilləri təmir olunacaq.
Bulvarda istirahət edənlərin belə bir addım atması Nazim Məcidovu da sarsıdıb, və o, “belə şəxslərə ayıb olsun” deyə, bildirib.
Həmin bu vandallıq aktının görüntülərini təqdim edirik.
Onu da əlavə edək ki, ikinci belə bir qurğu Kukla teatrının yaxınlığında quraşdırılıb və tam işlək vəziyyətdədir.
Foto: Nüsrət Abdullayev
Elvin Əhmədov
www.oxu.az