Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda xəstəxanada BİABIRÇILIQ: “İşçilər əməliyyat zamanı “TikTok”da deyib-güldülər” - VİDEO
Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub.
Sosial şəbəkələrdə paylaşılan görüntülərin metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Kazım Kazımzadə, 99 ünvanında yerləşən “Uni” klinikasında həkim Elmir Qəhrəmanovun icra etdiyi əməliyyat zamanı lentə alındığı iddia edilir.
Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım “TikTok” platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma “Komutan”, XTQ, “Hidayət” kimi sözləri əlinə yazmasını istəyirlər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır.
Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı sözügedən klinikanın direktoru Elmir Daşdəmirov ilə əlaqə saxladıq. Direktor Oxu.Az-a açıqlamasında sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib:
“Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm”.
Könül Cəfərli
Rəylər