Yasamal rayonunda, “Kubinka” kimi tanınan ərazidə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Sübhi Salayev və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən evdə qeydə alınıb.
Məlumata görə, ikimərtəbəli evin birinci mərtəbəsində yanğın başlayıb. Alov qısa zamanda yuxarı mərtəbəyə və mənzilə bitişik digər iki evə də keçib.
Əraziyə dərhal FHN-in Nəsimi rayonu üzrə Yanğından Mühafizə Hissəsinin beş texnikası və canlı qüvvəsi, həmçinin Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Alov söndürülüb, yanğının əhatəsi lokallaşdırılıb. Hazırda soyutma işləri aparılır. Alovun ümumilikdə 100 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.
Təcili Tibbi Yardım əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Kamil Əmirli
22:32
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidməti bu barədə məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.