Bakı şəhər Xətai Rayon Polis İdarəsinin əməkdaşları 2019-cu ilin oktyabr ayında itkin düşmüş 46 yaşlı qadını axtarır.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Gəncə prospekti, 39 ünvanında yaşayan Nailə Zinorovna Xamidulina ötən il oktyabrın 10-da itkin düşüb.
23 fevral 2020-ci il itkin düşən şəxsin anası Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) müraciət edib. Qadının sözlərinə görə, qızı artıq onunla yaşamaq istəmədiyini söyləyərək evdən çıxıb.
N.Xamidulina anasına deyib ki, Bakının Qaraçuxur qəsəbəsi ərazisində mənzil kirayələyəcək. Bir müddət sonra yaşlı qadın övladını axtarmaq məqsədilə Qaraçuxur qəsəbəsinə yollanıb, lakin qızını tapa bilməyib.
O vaxtdan N.Xamidulina anası ilə əlaqə yaratmayıb.
Bu günlərdə BŞBPİ istintaqın aparılması üçün Xətai Rayon Polis İdarəsinə ərizə ünvanlayıb.
İdarədən bildirilib ki, ananın davranışı onun psixi pozğunluqdan əziyyət çəkdiyini göstərir. Qadın istintaqla əlaqə yaratmır. Hazırda polis əməkdaşları N.Xamidulinanın harada olduğunu müəyyənləşdirməyə çalışırlar.
Ramella İbrahimxəlilova