2023-cü il fevralın 8-i gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən 6 saylı Peşə məktəbinin yaxınlığında bıçaqlanma hadisəsi olur. Bu barədə vətəndaş Daxili İşlər Nazirliyin "102" xidmətinə zəng edərək məlumat verib. Bundan 10-15 dəqiqə sonra isə 2007-ci il təvəllüdlü Əliəkbər Mərəyevin qətlə yetirilməsi barədə 5-ci Polis Bölməsindən rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 2002-ci il təvəllüdlü Rəşad Muxtarov hadisə yerində saxlanılıb.
Məlumatla əlaqədar prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanıblar. Məlum olub ki, hadisə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yataqxanasının 204 saylı otağında baş verib. Çarpayıda Əliəkbər Mərəyevin meyiti, yastıqda, yorğanda, döşəmədə, mələfədə, hamam otağında çoxlu sayda qan ləkələri aşkarlanıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, fevralın 8-i gecə saat 2 radələrində Rəşad Muxtarov 204 saylı otaqda onunla birlikdə yaşayan, həmin Mərkəzin tələbəsi Ələkbər Mərəyevə yatmaq istədiyini bildirərək, ondan otaqdakı işığı söndürməsini və mobil telefonunun səsini azaltmasını xahiş edib. Ancaq aralarında mübahisə yaranıb. Bu zaman Rəşad Muxtarov otaqdakı masanın üzərindən mətbəx bıçağını götürüb və arxası üstə çarpayıya yıxdığı Əliəkbər Mərəyəvin döş qəfəsinə bir neçə zərbə vurub. Daha sonra onun döş qəfəsinə və bədəninin digər nahiyələrinə ümumilikdə 38 dəfə zərbə endirib. Nəticədə yeniyetmə ölüb.
İş üzrə dindirilmiş Rəşad Muxtarov bildirib ki, Mingəçevir şəhərində Səməd Vurğun adına 16 nömrəli orta məktəbi bitirib, səhhəti ilə bağlı hərbi xidmətdə olmayıb. 2022-ci ilin sentyabr ayında "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"nə qəbul olunub:
"Mərkəzin yataqxanasında 204 saylı otaqda, Əliəkbər Mərəyev, Elcan Talıbov və Məhəmməd Səfəralıyevlə birlikdə yaşayırdım. Həmin uşaqlarla münasibətimiz yaxşı idi. Axırıncı dəfə, mənimlə söyüşlə etdiyi zarafatlara görə, Əliəkbərlə münasibətim pisləşmişdi. Bu növ zarafatları qəbul etmədiyimdən otaq yoldaşıma iradımı bildirəndə, Əliəkbər zarafatdır da edirəm, sən də məni söy dedi. 2023-cü il fevralın 7-də dərsə getməmişdim. "28 may" metostansiyasının yanında yerləşən Ticarət Mərkəzində bir az vaxtımı keçirib, saat 22 radələrində yataqxanaya qayıtdım. Otaqda Əliəkbər idi, Məhəmmədlə Elcan bir neçə günlük yaşadıqları rayona getmişdilər. Öz yerində uzanan Əliəkbərə salam versəm də, o, salamımı almadı, fikri əlindəki telefonda idi. Paltarlarımı soyunub, yatağımda uzandım. Saat 23 radələrində Şamil adlı komendant otağa gəlib, nəzər yetirib getdi. Əliəkbər telefonunda oyun oynayırdı.
Telefonun səsi və işığına görə yata bilmirdim. Telefonu söndürməsini tələb etsəm də, otaq yoldaşım sözlərimə məhəl qoymayaraq, mənə "işinlə məşğul ol" dedi. Əliəkbərə "sənə 10 dəqiqə vaxt verirəm, telefonun səsini al, yatıram" söyləsəm də, o, buna əhəmiyyət vermədi. Ünvanıma işlədilən söyüşdən qəzəblənərək, ayağa qalxdım və onun üstünə getdim. Ondan üzr istəməsini tələb etdim. "Məni səni vurmağa vadar etmə" deyəndə, Əliəkbər yenə "işimlə məşğul olmağımı" bildirdi. Artıq söyüşlərə dözə bilmədiyimdən, əlimdə bıçaqla otaq yoldaşıma yaxınlaşdım. Bunu görən Əliəkbər ayağa qalxıb mənimlə əlbəyaxa olmaqla, bıçağı əlimdən almağa çalışdı, amma bunu bacarmadı. Əllərimlə itələyib onu çarpayıya yıxdım. Dərhal sinəsinə bir neçə zərbə endirdim. Əliəkbər söyüşlər söyüb, özünü müdafiə etməyə çalışsa da, əsəbimdən ona xəsarətlər yetirməkdə davam etdim. Əliəkbər yataqda, üzü üstə uzanıqlı, hərəkətsiz vəziyyətdə qaldı. Tibbi Yardım stansiyasına zəng etdim. Atam, sonra da anamla əlaqə saxlayaraq, onlara adam bıçaqladığımı dedim. Daha sonra otaqda işıqları söndürüb, həkimlərin gəlməsini gözlədim".
İstintaq zamanı, Rəşad Muxtarov hamam otağında, su borusunun arxasından mətbəx bıçağını çıxarıb, müstəntiqə təqdim edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Mərəyev bildirib ki, Əliəkbər Mərəyev onun bacısı oğlu olub:
"Hadisə haqqında mənə polis əməkdaşı zəng edib məlumat verib. 5-ci bölməyə gedəndə bildim ki, Əliəkbəri otaq yoldaşı Rəşad Muxtarov öldürüb. Bacım oğlu Lənkəran rayonunun Şağlaküçə kəndində böyüyüb. 9-cu sinifdən sonra, 2022-ci ildə Əliəkbər "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Liseyinə qəbul olunub. Qohumum heç vaxt otaq yoldaşlarından mənə şikayət etməmişdi".
Şahid Ülvi Kazımov bildirib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələrin yataqxanasında və yeməkxanasında maddi-texniki təminatın həyata keçirilməsi ilə məşğuldur:
"Yataqxanada oğlanların yaşadığı hissəyə Şamil Qasımov, qızlar olan hissəyə isə Gülyanaq Qarayeva nəzarət edir. Fevralın 7-də gün ərzində yataqxanada olmuşam. Şamil Qasımov saat 22:00-da gündəlik rejimə uyğun olaraq, tələbələrin otaqlarına daxil olaraq, səliqə-sahmana, eləcə də, digər zəruri təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsini yoxlayıb və bu barədə mənə məlumat verib.
Fevralın 8-i gecə saat 2:30-da Rəşad Muxtarovun anası zəng edib, mənə oğlunun kiminləsə dalaşdığını və bıçaqlanma hadisəsi baş verdiyini dedi. Yolda olan zaman Şamil mənimlə əlaqəsi saxlayıb, Rəşadın Əliəkbəri bıçaqla vurduğunu bildirdi. Polisə və təcili yardım stansiyasına zəng edib xəbər verdim. Sonradan öyrəndim ki, Şamil qapını döyüb Rəşadı çağırıb. Otaqdan heç bir reaksiya verilmədiyini görüb qapını çiyni ilə vurub açıb. İşığı yandıranda Rəşadı əlində bıçaqla, Əliəkbərin isə çarpayıda, hərəkətsiz vəziyyətdə qaldığını görüb".
Məhkəmə iclasında Rəşad Muxtarov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Rəşad Muxtarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Muxtarov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.