Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amin Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimələnib. Eyni zamanda, sürücü 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.
Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) Oxu.Az-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.