Yeni ilin gəlişinə iki həftəyə yaxın vaxt qalıb. Artıq əhalinin əksəriyyəti bayram hazırlıqlarına başlayıb. Yeni il ərəfəsində ağıla ilk gələn suallardan biri də “Yeni ili harada və kiminlə keçirək?” olur.
“ACT Azərbaycan” 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində Yeni illə bağlı sorğu keçirdib.
Oxu.Az həmin sorğunu təqdim edir:
Sorğunun nəticələrinə görə, Bakı sakinlərinin böyük əksəriyyəti Yeni ili ailələri ilə birlikdə (94%) qarşılamağa üstünlük verirlər. Rəyi soruşulan qadınların, demək olar ki, hamısı (97%), kişilərin isə 90%-i bayramı ailələri ilə keçirməyi tərcih edirlər.
Yeni ili qohum-əqrəba əhatəsində qarşılamağı planlaşdıranlar isə 3% olub. Kişilərin 4%-i, qadınların isə 2%-i bayramı yaxın qohumlarının əhatəsində keçirməyi düşünür.
Maraqlı tendensiya kişilərin bayram əhatəsini seçməklə bağlıdır. Belə ki, kişilərin 6%-i bayramı yaxın dostları ilə keçirməyə hazırlaşdığı halda, 1%-i onu təkbaşına qeyd etmək niyyətindədir.
Bəs Yeni ili qarşılamaq üçün ideal məkan haradır?
Böyük əksəriyyət bayramı evində qarşılamaq fikrindədir (91%). Həm qadınlar (92%), həm də kişilər (89%) bu mövzuda həmfikirdirlər.
2% qadın, 9% kişi isə 2017-ci ili xaricdə qarşılamaq fikrindədir.
Yeni ili Bakıda qarşılayanların isə 2%-i bayram günü Dənizkənarı milli parka üz tutacaq.
Yeni ili restoranda qarşılamaq istəyənlər isə qadınlardır (1%).
Sorğu 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.
Mənbə: https://www.facebook.com/ACTAZE
U.A.
www.oxu.az