Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakının mərkəzi küçəsindəki restorana akt tərtib olundu - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Səbail rayonu, Nizami küçəsi, 66 ünvanında fəaliyyət göstərən “The Garden” restoranından atmosferə buraxılan tüstü ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə (DETX) daxil olan şikayət araşdırılıb.
Bununla bağlı Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
DETX rəsmisi Qafar Ağayevin sözlərinə görə, aparılan araşdırma və monitorinq zamanı sözügedən restoranda qaz-toz tutucu qurğunun quraşdırılmadığı səbəbindən atmosfer havasına normadan artıq tullantının atıldığı müəyyən edilib.
“Faktla bağlı obyektin sahibi barəsində akt tərtib olunub və hazırda cərimələnməsi, eyni zamanda restoranda təmizləyici qurğunun quraşdırılması məqsədilə inzibati tədbirlər görülür”.
13:54
Paytaxtın mərkəzində yeni açılmış restoranda qəlyan çəkilməsi nəticəsində yaranan tüstü sakinlərin narahatlığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a sakinlər özləri müraciət ediblər. Onlar qeyd ediblər ki, Səbail rayonu, Nizami küçəsi, 66 ünvanında (Tarqovı) yeni açılmış “The Garden” adlı restoranın fəaliyyətindən narazıdırlar. Bina sakinləri restoranda əsasən qəlyandan istifadə olunduğunu, bu zaman yandırılan kömürün zəhərli tüstüsünün ətrafa yayıldığını bildirirlər. Ərazidə yaşayanlar tüstünün yaşlı, xəstə sakinlərə zərər yetirdiyini vurğulayıblar.
Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə (RİH) sorğu ünvanladıq. RİH-dən Oxu.Az-a bildirib ki, Nizami küçəsi 66 ünvanında yaşayan sakinlər kollektiv surətdə quruma da müraciət ediblər:
“Sakinlər yaşadıqları binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində “The Garden” adı ilə fəaliyyət göstərən restoranda qaz balonlarından istifadə olunması və tütün məmulatlarından istifadə edilərkən mənzillərə kəskin qoxunun yayılmasını bildiriblər…
Qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş tapşırıqlara əsasən aidiyyəti qurumların, sakinlərin və restoran icarədarının iştirakı ilə sözügedən ünvana yerində baxış keçirilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı qaz balonlarından istifadə olunması faktı aşkar edilməyib və bu barədə müvafiq akt tərtib olunub. Tütün məmulatlarından istifadə zamanı ətrafa yayılan qoxu məsələsi ilə əlaqədar tərəfimizdən bir müddət əvvəl aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət olunub və restoran icarədarı ilə profilaktik söhbətlər aparılaraq tütün məmulatlarından istifadə olunmaması ilə bağlı müvafiq tövsiyələr verilib”.
Aysel Aslan
Rəylər