Bakının mərkəzindəki vəziyyət piyadaların və sürücülərin etirazına səbəb olub. Səbail rayonu, Şeyx Şamil və Lermontov küçələrinin kəsişməsindəki piyada zolağının üzərində avtomobilin qanunsuz yerdə park edilməsi narazılıq yaradıb. Həmin ərazidə olan polis müfəttişi isə onu görməzlikdən gələrək qayda pozuntusunun qarşısını almayıb.
Oxu.Az xəbər verir ki, bu barədə oxuculardan biri Milli.Az-a şikayət məktubu ünvanlayaraq bildirib. Piyada zolağının üzərində park etmiş maşının fotolarını çəkən oxucu problemin həllinin tapılacağını ümid edir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi ilə əlaqə saxladıq. Vaqif Əsədov açıqlamasında problemlə yaxından tanış olmasa, öz dəqiq rəyini deyə bilməyəcəyini vurğuladı.
“Siz hesab edirsiniz ki, bu, polisin məsuliyyətsizliyindən irəli gəlir?! Ancaq bəzən elə olur ki, həmin ərazilərdə digər əhəmiyyətli tədbirlər olur deyə, bütün diqqət həmin nöqtəyə yönəlir. Bəli, belə olduğu zaman bu cür hallar ola bilər. Ancaq mən yenə də istərdim həmin şəkillər ilə tanış olum və bundan sonra dəqiq öz rəyimi sizə bildirim”.