Paytaxtın mərkəzində - Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində yol kənarındakı ağacın budaqları sürücülər üçün təhlükə yaradır.
Sürücülər deyirlər ki, yolun hərəkət hissəsinə doğru əyilən budaqlar avtomobillərin hərəkətini çətinləşdirir.
Onlar bildiriblər ki, xüsusilə avtobuslar budaqlara toxunaraq zədələnir, şüşələri cızılır. Bundan əlavə, budaqlar yol nişanlarının görünməsini də çətinləşdirir və sürücülər üçün əlavə risk yaradır.
Baku TV-nin çəkişi zamanı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əraziyə gələrək vəziyyətlə tanış olublar. Qurumdan bildirilib ki, sözügedən ağacın bəzi budaqları budanıb. Lakin sərt budanma ağacın bioloji inkişafına zərər verə bilər. Ağacın tam kəsilməsi isə yalnız aidiyyəti dövlət qurumunun müvafiq rəyi əsasında mümkündür.