Noyabrın 15-i axşam saatlarında əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, qurumun növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunublar:
"Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, birliyin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini həyata keçirirlər".