Bu gün Qarabağdan vətən sevincinin, qələbə nəfəsinin küləkləri əsir. Sanki azad torpaqların hər qarışından eyni səs yüksəlir. Bu səs şəhidlərin xatirəsinə, qəhrəmanların ruhuna səslənən minnətdarlıq səsidir.
Səhərin ilk işıqları ilə Hərbi Memorial Məzarlığa gələn məktəbli Nuray Səlimova anasının əlindən möhkəm tutub, şəhid məzarları arasında dayanır. Gözlərində həm hüzn, həm də uşaq saflığına bürünmüş qürur var. Asta səslə pıçıldayır:
"Bu gün Qarabağdan vətən əsarı,
Qələbə sevincli küləklər əsir.
Hər kəs qələbənin memarı olan,
Şəhid məzarına doğru tələsir..."
Zəfərin 5-ci ildönümündə Nuray kimi yüzlərlə uşaq, şəhidlərin ruhuna dua oxumaq üçün buradadır. Onlar üçün bu səfər bir ziyarət deyil, həm də yaddaşa yazılan ilk vətən dərsidir.
Şəhid mayor İlkin Rzayevin qızı Fidan da atasının qəhrəmanlığı ilə böyüyür. Onun arzusu bir gün Qarabağa, atasının şəhid olduğu torpaqlara ayaq basmaqdır. Kiçik qardaşı Əli ilə birlikdə atasının məzarının yanında oynayarkən, həyatın itki ağrısından bixəbər olsalar da, onların hər gülüşündə bir vəd gizlənib:
"Atamızın adını hər yerdə ucaldacağıq..."
Cəbrayıllıdan olan beş yaşlı Qulizadə Rəsul da gələcəkdə o torpaqlarda addımlamağı, hərbi formada xidmət etməyi xəyal edir. Şəhid əmisinin şəklinə baxarkən gözləri dolur, səsi titrəyir:
"Ondan ötrü çox darıxmışam..."
Bəli, Zəfər asan qazanılmayıb. O şəhidlərin qanı, anaların göz yaşı, igidlərin cəsarəti ilə yazılıb. Amma onu qoruyub yaşatmaq Nurayların, Fidanların, Əlilərin, Rəsulların çiyinlərinə düşən müqəddəs bir mirasdır.
Bu miras isə azadlığın, birliyin və Vətən sevgisinin əbədiyyətidir.
Töhfə Səməd