Noyabrın 16-da baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti hüquq sistemimizə daxil olan müxtəlif dövlət orqanları, eləcə də ölkəmizin aparıcı elm və təhsil müəssisələri, hüquq-mühafizə orqanları akademiyaları nümayəndələrinin təmsil olunduğu Azərbaycanın Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının növbəti iclasında iştirak ediblər.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Elmi-Məsləhət Şurasının iclasını açan baş prokuror Belarus İstintaq Komitəsi ilə qurulan səmərəli əməkdaşlığın açdığı yeni imkanlar barədə məlumat verib.
Belarus İstintaq Komitəsinin sədri Dmitri Qora öz çıxışında hər iki qurum arasında olan əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən razılığını ifadə edərək, istintaq və məhkəmə təcrübəsinə aid aktual hüquqi problemlərin müzakirəsi üçün əlverişli platforma olan Elmi-Məsləhət Şurasının fəaliyyətinə uğurlar arzu edib.
Daha sonra, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi tərəfindən yaradılmış İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı-nın (İHSAP) təqdimatı həyata keçirilib.
Axtarış portalında “Qərarlar”, “Konvensiyalar”, “Ədəbiyyatlar”, “Metodiki Sənədlər”, “Prokurorluq və insan hüquqları”, “Faydalı Məlumatlar” və “Faydalı Linklər” tematikaları üzrə bölmələr müəyyən edilib.
Axtarış portalında həm sözə görə, həm də ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının maddələri, Avropa Şurasına üzv olan ölkələrin adları, eləcə də xüsusi dairəsi müəyyən edilmiş açar sözlər üzrə axtarış aparılması imkanları da yaradılıb.