Kubra Məhərrəmova yazır...
Bu yaxınlarda bir söz eşitmişəm. Sən demə, fransız qadınları tək ölür.
Yəni ömür boyu istədikləri kimi yaşayırlar, yeyirlər-içirlər, istədikləri zaman ailə qururlar, karyera qururlar. İstəsələr, övlad dünyaya gətirirlər, istəməsələr, gətirmirlər. Övladları da özləri kimi erkən yaşlarından müstəqil həyata qədəm basır.
Özləri özləri üçün gün ağlayırlar. Yəni heç kim heç kəsi əziyyətə salmır. Heç kim heç kimin işinə qarışımr. Səhvi-düzü özü bilir. Bizdə isə adamın 40 yaşı olur, ana-atanın bir əli hələ üstündə olur. Cibinə pul da basır, üstəlik. Buna bir quş.
Biz doğulanda da külfətlə doğuluruq, öləndə də. Yəni nəsil-kök bizim adamın yanında olmalıdır.
Bəlkə elə buna görə də hər birimiz nəsil-köklə hesablaşırıq. Doğulanda da, öləndə də.
Qohum-əqrəbaya yarıyan, xeyrə-şərə gedən olmalıyıq. Çünki sabah bizim də ölümüz düşəcək, gərəkdir ki, 300 nəfərlik ağ çadır qurduraq məhəllədə. Ağı deyən qohum-əqrəba da çox olmalıdır. Başına döyən, üzünü cıran olsa, deməli, rəhmətə gedən yaxşı adam olub. 9-cu mərtəbədə yaşayan qonşu belə ah-vayla ölənin dalınca göz yaşı tökməlidir.
Öləndə də kollektiv şəkildə ölməliyik. Əgər belə olmadısa, deməli, gedən "yazıq" idi. Kollektivdə, işdə hörməti yox idi. Yovuşan deyildi. Bir sözlə, məsləhətli ölməliyik, qardaşlar. Üç dəfə götür, qoy, sağa çevir, sola çevir.
Eyni halı toyda da yaşayırıq. Nəsil-kök, qohum-əqrəba, məktəb-tələbə yoldaşları, iş yoldaşları, ata-ananın tələbə yoldaşları, ata-ananın iş yoldaşları, atanın əsgərlik yoldaşları və s. Say-sadala bitməyəcək. Kütləvi tədbirləri sevirik, bir sözlə. Dərdimizi də el-aləm bilməlidir, sevincimizi də.
Hay-küyə niyə bu qədər meyilliyik, bilmirəm. İnsanımız həyatında baş verənləri "Instagram" səhifəsində göstərir, "story"lərdə paylaşır.
"Gecəni yatmadım, 68 saat işlədim, nənəm rəhmətə getdi, ciciş rəfiqəm nişanlandı". Yəqin, belə olmalıdır, qardaş, biz çəmini bilmirik.
Fransız qadınları tək ölür. Amma bizim Nabat nənə bütün qohum-əqrəba ilə bir yerdə canını tapşırır. Nabat nənə canını Allaha tapşıranda belə "ruqilirovka" verən tapılır. Güzgü gətir, su gətir, ağzını bağlamağa yaylıq ver, üzünü örtməyə ağ gətir.
A kişi, adam hələ can verir, kollektiv isə dəfn mərasiminə artıq hazırdır. Adını qoyurlar ki, adət-ənənə var. İnsanımızın yolu bəlli olanda belə, yenə kimsə düzəliş verəcək. Çox ümid edirəm ki, o dünyada Allahın hüzurunda dayananda qohum-əqrəbadan, dost-tanışdan heç kim orada peyda olub "ruqilirovka" verməyəcək adama.
Fransız qadınları tək ölür. Öz Tanrısı ilə özü bildiyi kimi danışa-danışa...