"Bayıl ərazisində, ağaclıqda qalan vətəndaş əvvəl də əməkdaşlarımız tərəfindən aidiyyəti müəssisələrə yerləşdirilib".
Bunu Oxu.Az-a açıqlamasında Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.
"Vətəndaşın müvafiq müəssisəyə yerləşməsi üçün sosial qiymətləndirmə aparılıb və müalicəsi üçün təcili yardım əməkdaşlarına müraciət edilib. Müalicə prosesinin ardınca, özünün razılığı olarsa, sosial reabilitasiyası üçün də davamlı proses həyata keçiriləcək", - deyə M. Həşimov qeyd edib.
Bakının Bayıl qəsəbəsində ağaclıq ərazidə yaşayan vətəndaş köməksiz vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumatda vətəndaşın səhhətində ciddi problemləri olduğu vurğulanıb.
Qeyd olunub ki, ətrafdakı şəxslər və aidiyyəti qurumlardan gələn nümayəndələr ondan pis qoxu gəldiyi üçün ona kömək edə bilməyəcəklərini bildiriblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin şəxsin yeri müəyyən edilib:
"Polis əməkdaşları tərəfindən onun qısa zamanda sığınacağa yerləşdirilməsi təmin olunacaq".
Məsələ ilə bağlı həm də Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirdi ki, məsələ araşdırılacaq və gün ərzində məlumat veriləcək.
Əzizə İsmayılova
Rəylər