Martın 18-30 tarixləri üçün geomaqnit hava proqnozunu açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Fəallıq Günəş səthində baş verən M sinif (R1-R2 - kiçik və orta radiodalğaların yayılmasını əngəlləyə bilən) səviyyədə alışmaların başvermə səbəbindən orta səviyyədə olacaq.
"Martın 21-dək geomaqnit sahə normal fon səviyyəsində olacaq. 21-22 və 25 mart tarixlərində G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Orta coğrafi enliklərdə geomaqnit sahə sakit olacaq.
Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq.
Günəşdə M (kiçik orta) sinif alışmaların baş vermə ehtimalı 15%, X (güclü) alışmaların baş vermə ehtimalı isə 5%-dir. Yaxın günlər üçün Günəşdə aktivlik orta səviyyədə, Yerin geomaqnit sahəsi sakit olacaq, müəyyən günlərdə orta-dəyişkən ola bilər. Güclü geomaqnit qasırğası gözlənilmir", - deyə məlumatda qeyd olunub.