Bayram günlərində (31 dekabr və 1 yanvar tarixlərində) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, adi günlərdə təcili yardım stansiyasına 1700-1800 civarında müraciət daxil olurdusa, dekabrın 31-i və yanvarın 1-də müraciətlərin sayı 2000-ə yaxın olub.
O. Şahmalıyev bildirib ki, çağırışlar adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri ilə bağlı olub:
“Bayram günlərində tibb müəssisələri, poliklinikalar fəaliyyət göstərmir. Bunun nəticəsində də insanlar əsasən təcili yardıma müraciət edir. Bu günlərdə müraciətlərin sayı artıb. Bayram günlərində təcili yardıma daxil olan 2000-ə yaxın müraciətdən 200-ü uşaqlarla bağlı olub”.