İxtisasca teatr rejissoru olan məşhur KVN-çi Bəhram Bağırzadə Axşam.Az-a müsahibə verib.
Oxu.Az xəbər verir ki, müsahibəsində məşhur və sevimli aktyorumuz gəncləri zəhmətsevər olmağa çağırıb, həmçinin onu narahat edən ictimai problemlərdən bəhs edib.
Aktyor qeyd edib ki, mənəm-mənəm deyən oğullarımızın çoxalmasını istəyir:
“Ümumiyyətlə isə istəyirəm mənəm-mənəm deyən oğullarımız çoxalsın. Hamımızın “mən”i yığılıb biz olsa, dövlətimizdə, məmləkətimizdə heç bir əyri-əskik olmaz. Amma bu gün “mənlik deyil” sözünü çox eşidirk. Niyə e, niyə sənlik olmasın axı? Ölkəmizdə hər cür şərait yaradılıbsa, niyə sənlik olmasın? Bakılılar demişkən, nöş sənlik deyil?! İngilis dilini öyrənməkdə sənə kim mane olur? Öyrən də. Niyə tənbəllik edirsən? Hamısı tənbəllikdəndir”.
Bəhram Bağırzadə bu gün onu ən çox narahat edən ictimai problemdən də bəhs edib və onu urbanizasiya (əhalinin rayonlardan, bölgələrdən şəhərlərə köç etməsi prosesi - red.) probleminin narahat etdiyini bildirib:
“İnanın ki, xaricdən qonağım gələndə onu şəhərdə gəzdirməyə utanıram. Tumu yeyirlər, qabığını yerə atırlar. Şirəni içirlər, qutusunu yerə atırlar. Küçədə qışqıra-qışqıra danışırlar. Şəhərliləşmə prosesi çox gec gedir. Bu da bir şəhərli kimi məni narahat edir. Xarici qonaqlarım baxır, deyir bunlar zibili balkondan niyə atırlar. Mən bayaq bura gələndə bir nəfər tumu yeyib qabığını yerə atırdı. Çəkinmədim, dedim niyə zibil qabına tökmürsən. Mənə cavabına baxın: “Sənə nə? Sən təmizləyəcəksən?” Nə deyim buna?!”.