Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bərdədə qidadan zəhərlənən altı azyaşlının son durumu məlum oldu
Bir neçə gün əvvəl Bərdə rayonunun Zümürxan kəndində qidadan zəhərlənən altı azyaşlı evə buraxılıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"16.06.2024-cü il tarixində 6 nəfər qidadan zəhərlənmə şübhəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, 2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Əzizə İsmayılova
Rəylər