Bu gecə Beyləqanda təbiət insanları təşvişə salıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gecə 00:30-da qəfil külək əsməyə başlayıb. Daha sonra külək güclənib. Bir neçə saatdan sonra güclü yağış yağıb.
Yağan leysan evlərin həyətlərinə dolub, yolları su basıb. Əsən külək 10-dan çox ağacı kökündən çıxarıb. Bəzi evlərin dam örtüyünə ziyan dəyib.
Bundan başqa, aşan ağaclar elektrik xətlərinin üstünə düşdüyündən rayona verilən elektrik enerjisi kəsilib. Bununla da, rayonun əksər kəndləri və mərkəz gecəni işıqsız keçirib.
Rayon İcra Hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Vahid Qarayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda təbii fəlakətin yaratdığı problemlərin aradan qaldırılması üçün lazımi addımlar atılıb.
“Hazırda problemin aradan qaldırılması üçün əməkdaşlar çalışır. Günorta saatlarına qədər problem tam aradan qaldırılacaq”.