Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Beynəlxalq axtarışda olan dörd nəfər Rusiyadan Azərbaycana ekstradisiya olunub
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Elturan Emil oğlu Daşdəmirov, Sərxan Oqtay oğlu Məmmədov, Pərviz Qəzənfər oğlu Abbasov və Aydın Ayaz oğlu Dadaşzadənin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Elturan Daşdəmirovun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilən adam oğurluğu, Sərxan Məmmədovun xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və rüşvət verməyə təhrik etmə, Pərviz Abbasovun on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, Aydın Dadaşzadənin isə külli miqdarda mənimsəmə və ya israf cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər oktyabrın 16-da Rusiya Federasiyası ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Rəylər