Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti respublikanın şimal bölgəsində, o cümlədən Lahıc-Dəmirçi-Şamaxı yolunda və digər avtomobil yol infrastrukturunda müəyyən fəsadlara səbəb olub.
Oxu.Az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, növbəti günlərdə də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir.
Onun sözlərinə görə, yağıntıların arabir leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
"Bu səbəbdən əhaliyə müraciət edirik ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər və ehtiyat tədbirlərini unutmasınlar. Mövsümlə əlaqədar olaraq bölgələrə istirahət üçün üz tutan vətəndaşlardan mümkün qədər fəsad yaranmış yollardan deyil, alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 14-ü gündüz əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Rəylər