Son vaxtlar bəzi yollarda maksimal sürət həddi artırılıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bunları xüsusi ilə aeroport şosesinin davamı, eləcə də Bakı dairəvi yolun bir hissəsində görmək mümkündür.
Sürət hədlərinin artırılması bəzi sürücülər üçün xoş xəbər olsa da, bəziləri bu sürətin tətbiq olunduğu yollarda çaş-baş qalırlar. Yəni yolu müəyyən sürətlə getdikdən sonra, növbəti yolayrıcında yola hansı sürətlə davam etməyi bilmirlər. Bu da sonda yol qəzası, ya da kobud qayda pozuntusu kimi hallarla nəticələnir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev yol nişanlarının çoxluğunun sürücünü çaşdıra biləcəyi qənaətindədir. Ona görə də hər addımbaşı yol nişanlarının qoyulmasını lüzumsuz hesab edir. Şöbə rəisi bədbəxt hadisə nəticəsində sıradan çıxan yol nişanlarının onlara məlumat daxil olan kimi qurum tərəfindən yenisi ilə əvəz edildiyini bildirdi.
Hər halda sürücülər sükan arxasında olarkən daha diqqətli olmalıdırlar. Çünki söhbət hər an baş verə biləcək bədbəxt hadisədən gedir.