Biləsuvar rayonunda baş verən ağır qəza nəticəsində kanala aşan avtomobildən çıxarılan bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gecə saat 03:15-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona suda boğulma və ağciyər ödemi diaqnozu təyin edilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Biləsuvar rayonunda baş verən və beş nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə gecə saat 2 radələrində rayonun Zəhmətabad kəndi ərazisində baş verib.
Belə ki, qəza zamanı sürücü, rayon sakini, 2003-cü il təvəllüdlü Vasif Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili Cənubi Muğan su kanalına düşüb. Hadisə yerinə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Onların köməkliyi ilə avtomobildə olan 5 nəfər sudan çıxarılıb.
Avtomobildən çıxarılan bir nəfərin yaşadığı məlum olub və o, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin şəxs də vəfat edib.
Qəza nəticəsində sürücü ilə yanaşı onun bütün sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.
Məlumata görə, avtomobildəkilər yaxın qohumlar və dostlar olublar. Onlar Biləsuvar rayonunun Bəydili kəndinə gedirmişlər. Hadisə də bu zaman baş verib.
Qəzada ölənlərdən Vasif və Rusifin qardaş, İldırımın onların əmioğlusu, digərlərinin isə dostları olduğu bildirilir.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Qəza nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində sürücü, 2003-cü il təvəllüdlü Vasif Həsənli və onun sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, V.Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb.
Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Lexus" markalı minik avtomobili kanala aşıb. Nəticədə avtomobildə olan 5 nəfərin suda boğularaq dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov