Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda yaşayış evində baş vermiş PARTLAYIŞDA xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Bakının Binə qəsəbəsində baş verən yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumata əsasən, 02.02.2025-ci il tarixində saat 04:25-də Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
"Dərhal hadisə yerinə briqadalar cəlb olunub. Xəsarət alan 5 nəfər (2-si qadın, 3-ü kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.
2002-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədənin III-IV dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.
1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.
1978-ci il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.
1974-cü il (qadın cinsli) sifətin, hər iki əlin, yuxarı ətrafın və yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.
Hazırda 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir", - məlumatda deyilir.
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları 210 kv.m. və evin yanar hissələri 100 kv.m. sahədə yanıb, 5 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
