Bakının Binəqədi rayonunda, "DSK yolu" deyilən ərazidə, ağac budaqlarının işıqforun görünməsinə mane olması sürücülərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Bildirilib ki, Binəqədi rayonu, 10 May (DSK yolu) küçəsi ilə Gülməmməd Ramazanov küçələrinin kəsişməsində yerləşən işıqforun qarşısını ağac budaqları kəsib.

Sakinlərin sözlərinə görə, işıqforun tam görünməməsi həmin ərazidə hərəkətin təhlükəsizliyini risk altına salır və xüsusilə ərazini ilk dəfə istifadə edən sürücülər üçün çətinlik yaradır.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, qurumun əməkdaşları paytaxt yollarında monitorinq aparıblar.
"Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 48 yolayrıcında olan işıqforun siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib", - deyə məlumatda bildirilib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə sorğu verilib.