"Binəqədi rayonu, 28 May qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildiriblər.
"Ərazidə mövcud olan kanalizasiya xətləri əhali tərəfindən normativ tələblərə uyğun olmayan üsullarla çəkilib. Buna baxmayaraq, yaranmış çətinliyin aradan qaldırılması məqsədilə idarənin qəza-bərpa qrupu tərəfindən müvafiq tədbirlər görüləcək", - deyə məlumatda bildirilir.
Bakının Binəqədi rayonu, 28 May qəsəbəsində kanalizasiya sularının yola axıdılması sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, əraziyə axıdılan çirkab sular həm ətraf mühitin çirklənməsinə, həm də antisanitar vəziyyətin yaranmasına səbəb olur.
"Ətraf o qədər palçıqlı olur ki, qəsəbədə maşınla hərəkət etməkdə belə çətinlik çəkirik", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.