Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, kənar dairə küçəsi, bina 70 16b mənzilinin sakini Vahid Kərimov deyir ki, qonşuluqda yaşayan məcburi köçkün ailəsi onlara gün verib işıq vermir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin yataqxanası olmuş bu binada Vahid Kərimova 18,5 kvadratmetrlik mənzil sahəsi ayrılıb.
Amma mənzil bölünməmişdən öncə qonşuluqda, digər bir mənzildə məcburi köçkün ailəsi yaşamağa başlayıb. Bu zaman ailə Vahid Kərimova məxsus 6,5 kvadratmetr sahəni zəbt edib. Qonşular arasında narazılıq bundan sonra başlayıb.
Bütün bunlar şikayətçi Vahid Kərimovun sözləridir. O, deyir ki, qonşusu Ramizə Məmmədovanın onun evini zəbt etməsi ilə bağlı məhkəməyə də müraciət edib. Hətta Ali Məhkəmə 2008-ci ildə sözügedən zəbt olunmuş ərazini boşaldıb, Vahid Kərimova qaytarılması qərarını çıxarıb. Müsahibim deyir ki, bu qərar qəbul edilsə də 6 ildir ki, icra olunmur.
Elə qonşular arasındakı problemə aydınlıq gətirmək üçün məcburi köçkün ailəsinin yaşadığı mənzilə üz tutduq. Qapını döysək də mənzildən bizə cavab verən olmadı. İşin niyə indiyə qədər icra olunmamasına gəlincə Ədliyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, günü sabahdan etibarən şikayətçi nazirliyə özü şəxsən müraciət etməlidir ki, işin icrasının gecikmə səbəbləri aradan qaldırılsın.