“Dom Feyzulla bomba prinyos”. Bu ifadə çoxlarımızın izlədiyi məşhur “Evlənmək istiyirəm” filimindəndir. Sujet xətti hamınıza məlumdur, ona oxşar hadisə isə bu gün baş verib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda yaşayış evinin həyətində mina həyəcanı yaşanıb.
Təbii ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin ünvana gəldikdən sonra əslində həyəcan yaradanın mina yox, başqa bir şey olduğunu aşkarlayıb.
Bakının Binəqədi rayonu ərazisində həyəcanlı anlar yaşanıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub ki, bəs Bakı şəhəri, Binəqədi rayonunda, Əliyar Əliyev küçəsi 2, döngə 3 ünvanında hərbi sursata oxşar şübhəli əşyalar aşkar olunub.
Nazirliyin əməkdaşları da, təbii ki, xəbərə biganə qalmayıb və dərhal müvafiq qurumların mütəxəsisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb və şübhə yaradan əşyalara baxış keçirilib.
Əvvəlcə deyilən ünvanda aşkarlanmış əşyaların iki ədəd partayıcı mina olduğu güman edilib. Lakin qazıntı zamanı tam əksi üzə çıxıb. Xilasedicilər müəyyən edib ki, şubhəli əşyalar 2 ədəd köhnə oksigen balonudur. Onların bir neçə il bundan əvvəl burada fəaliyyət göstərmiş zavodun vaxtından qaldığı ehtimal edilir.
Əməliyyat təxminən saat 16:05-də başa çatıb.