Emilya Tağıyeva yazır…
İşdən evə qayıdarkən marketə girdim. Çıxanda, kassada oturan qıza ərzaqları torbalara yığdıqdan sonra "yorulmayasınız" deyib, pulun qalığını götürürdüm. Gözləmədiyim halda torbaları piştaxtanın üstünə zərblə qoyub, mənə baxdı. "Bu gün səhər 8-dən burdayam, ilk adamsınız ki, "sağ ol" söyləyirsiniz", - dedi.
Bir əlimdə pul, digər əlimdə çek təəccüblə ona baxdım. Ümumiyyətlə, nə baş verdiyini anlamağım bir neçə saniyə çəkdi. Ətrafa baxdım, hər kəs əlində səbət başını aşağı salıb ora-bura gedirdi. Hamının üzündə maska olsa da, bir çoxunun qaş-qabaqlı sifətləri aydın görünürdü.
Hiss etdim ki, yanaqlarım qızardı. Bir daha təşəkkür edib dükandan çıxdım. Bayırda da vəziyyət eyni idi, hər tərəfdə harasa tələsən insanlar var idi. Heç kim bir-birinin üzünə baxmırdı.
Yadıma uzun illər əvvəl olan bir hadisə düşdü. Ailəsi ilə Danimarkada yaşayan qonşumuzun qızı məzuniyyət üçün Vətənə qayıtmışdı. Həyətdə ikimiz gəzəndə o qədər sevinirdi ki... Məhəllədə hamı ilə salamlaşır, bəziləri ilə qucaqlaşıb görüşürdü. Təəccübümü görüb dedi: "Məni qınama. Danimarkada belə deyil. Küçədə kimləsə salamlaşsan, sənə qəribə baxarlar. Heç qonşular bir-birini tanımır".
O vaxt bu sözlər mənə çox qəribə gəlmişdi... Ağlıma da gəlməzdi ki, 20 il keçməmiş insanları mehribanlığı ilə seçilən ölkəmizdə də belə olacaq...
Avtobusa minirsən, hər kəs qəzəblidir. Birinin sözü o birinin boğazından keçmir. Qadın-kişi, uşaq-böyük demədən hamı bir-birini təhqir edir.
Hələ yazıq sürücü... Maşını bərk sürür, danlanır, gecikir, yenə danlanır. Bir dəfə səhər işə gələrkən sərnişinlərdən birinin sürücüyə, "sağdan gir də, qaydalara riayət edən olub mənim üçün?", - dediyi halla da rastlaşmışdım.
Bir də işıqforun yaşıl işığı yanmamış arxa sırada dayanan maşınlardan siqnal səsi gəlir ha... Bunun sirrini yəqin heç Eynşteyn də tapa bilməzdi.
Bizə tıxacda maşının siqnalının "üstündə oturmağa", qonşu maşından sürücüyə acıqlanmamağa, hər hadisəyə əsəbi reaksiya verməyə vadar edən nədir?
Əlbəttə, işdə problemlər, ailədə narazılıqlar, vaxt çatışmazlığı, qaçhaqaç-qovhaqovlar, sadalamadığım minlərlə sosial problemlər belə "xırda məsələlər" barədə düşünmək üçün vaxt qoymur.
Ancaq gün ərzində nəyinsə düz gətirməməsində, yolda ətir çubuqları paylayan qızcığazın təqsiri yoxdur ki... O acılanır, ya da əlindəki alınıb nümayişkaranə şəkildə yerə atılır (Özüm dəfələrlə şahidi olmuşam). Bunun əvəzinə, "çox sağ olun, tələsirəm", yaxud "başqa vaxt" demək də olar. Bir qəlbi düzəldə bilmiriksə, sındırmağın nə mənası?
Hər halda, sadəcə gülümsəyib təşəkkür etmək, nəinki qarşı tərəfdəkinin, hətta insanın özünün belə əhvalını düzəldir.