- Yolunuz haradır?
- Sumıya getməliyəm, amma... - sözümü axıra kimi dinləmədən:
- Telefon nömrənizi qoyun axşam zəng edəcəyəm. Mənim adım Ruslandır, - deyib sağollaşdı.
Elə həmin gün çatmışdım. Poltavada idim. Buradan qonşu Sumı vilayətinə cəmi 120 kilometr olsa da, ora getməyə demək olar ki, təhlükəsiz yol yox idi. Çünki artıq bir aydan çox idi ki, Rusiya ordusu Sumı vilayətinin yarısını tutmuşdu.
2022-ci il martın sonu idi...
Poltovaya çatan kimi məni qarşılayan həmyerlim Eldar dayı, elə xahiş etdiyim ünvana, vilayət administrasiyasında media mərkəzə götürdü. Burada yerli hakimiyyətdən heç kimi tapmasam da, bir neçə xarici jurnalist vardı. Elə onlarla söhbət edərkən, bayaqkı Ruslan içəri girdi və eşitdi ki, Sumıya getmək istəyirəm. O çıxandan sonra yanımızdakı media mərkəzin nümayəndəsi yerli millətdən Lyüdmila dedi ki, onu tanıyır, könüllü humanitar yardım edən (volontyor) dəstədəndir.
Axşam dediyi kimi zəng etdi. Ünvanı dedim. Səhər tezdən məni Poltova şəhərində Eldar dayıgildən götürdü.
Yolboyu söhbətimizdən məlum oldu ki, Ruslan əslən Xarkovdandır. 30 yaşı var. Müharibəyə qədər polisdə işləyib. Amma Ukrayna polisindəki anarxiyaya etiraz olaraq, öz ərizəsi ilə xaric olunub. Sonra öz İT biznesini qurub. İşinin yaxşı alındığı vaxtda isə genişmiqyaslı müharibə başlayıb. Subaydır. Müharibə başlayan kimi də Ukraynada vüsət alan "volontyor" hərəkatına qoşulub. Poltova, Xarkov, Sumı vilayətlərində insanların təxliyəsinə, ərzaq çatdırılmasına və sair humanitar ehtiyaclara öz maşını ilə yardım edir. İndi Sumıya da, yarımblokada halında olan şəhərə su, ərzaq və yüngül dərman ləvazimatları aparırdı. Kiçik bir minibusu vardı.
Yolda bir neçə dəfə yaxınlıqda güclü partlayışlar eşidildi. Ruslanın dediyinə görə, Rusiya ordusu yaxın kəndlərə girməyə cəhd edir. Hətta başımızın üstündən bir neçə dəfə "qrad" tipli raketlər də uçdu. Amma bilmədik kim kimə atırdı...
- Cəmi 20 kilometr qalıb. Təkcə üstümüzə heç nə düşməsin, sizi salamat çatdırım.
- Mənimlə bərabər siz də varsınız...
- Mən ölən həmyerlilərimdən əskik deyiləm. Amma siz bizim ölkədə qonaqsınız, həm də jurnalist kimi...
Sumıya çatanda şəhəri bərk vururdular. Ona görə şəhərin girişində dayanıb, bir məktəbin zirzəmisində daldalandıq.
- Bayırda maşını vursalar, içindəki yardımlar məhv olacaq, - deyə Ruslan narahatlığını burada da davam etdirirdi.
- Çox davam edər görəsən bu zərbələr?
- Adətən hər dəfə bir saatdan çox çəkmir.
Küçədə isə şəhərin yaxınlığında olan Rusiya ordusunun top və raket zərbələri davam edirdi.
Gözü bayırda olan Ruslanı sorğu-suala tutmaqda davam edirdim:
- Sumıya tez-tez gəlirsiniz yəqin.
- Demək olar ki, hər həftə. Mən ümumiyyətlə buralarda böyümüşəm. Xarkov, Sumı, Poltova - bir üçlükdür. Bunlardan birində doğulanlar, bu vilayətlərin hamısında yaşayır.
- Müharibədən sonra da yəqin buralarda qalarsınız.
- Hara gedəcəyik ki? Sizi əmin edirəm, bu gün Avropaya, ya da harasa üz tutub qaçqın gedən ukraynalıların çoxu qayıdacaq. Biz ukraynalılarda elə bir xüsusiyyətlər var ki, ölkəmizdən başqa yerlərdə yaşaya bilmirik.
- Planınız nədir müharibədən sonra?
- Mütləq evlənəcəyəm. Sonra da biznesimi böyüdəcəyəm. Bir dostum var, onunla "Facebook"un yerli versiyasını yaratmaq istəyirik. İT şəbəkə yaradacağıq. Ukraynada bunun üçün mütəxəssislər çoxdur. Sadəcə onlardan yararlanmaq lazımdır. Ukraynada qalsanız, sizə də bir şey taparıq bizim işdə, - deyə yarızarafat məni də planına cəlb etdi və anidən üzünü yenidən turşutdu:
- Nəisə. Təki müharibə bitsin, planlar çoxdur...
Beş-on dəqiqə keçdi, atışma dayandı. Telefonlarımıza həyəcan siqnallarının dayandığı bildirişləri də gəldi. Çıxdıq bayıra. Şəhərin az qala yarısı yanırdı. Maşına oturub davam etdik.
Ruslan mənə Sumıda qalacağı evdə onunla birlikdə qalmağı təklif etdi. Daha doğrusu israr etdi ki, birdən otel kirayələyərəm burada, artıq pul xərcləməyim. Amma görəndə ki, məni qarşılayan həmyerlilərimin evində qonaq qalacağam burada olduğum müddətdə, israra davam etmədi. Amma danışdıq ki, birisi gün zəngləşək, ertəsi gün geri Poltovaya qayıdanda məni də götürsün.
İki gün Sumının müxtəlif yerlərində çəkilişlər etdim. Burada bir maraqlı əhvalata da rast gəldim. Sumı ətrafında, Rusiya ordusundan azad edilən bir qəsəbədə yerli sakinlərdən çəkiliş edən zaman, onlardan orta yaşlı bir Olqa adlı qadın danışır: - Martın 1-i (2022-ci il-red.) bura daxil oldular. Həmin gün döyüş olmadı. Daha doğrusu buranın müdafiəsi olmadı. Amma Rusiya ordusu girəndən iki gün sonra buranı geri almağa çalışan bizimkilərlə artilleriya döyüşləri başladı. Qəsəbə də onda dağıldı. Ruslar burada olarkən bir-bir evlərə girib axtarış aparırdılar. Ukraynalı hərbçi və ya könüllü müdafiəçilərdən axtarırdılar. Əri Ukrayna ordusunda döyüşən qonşumun evinə girəndə, ərinin hərbi paltarını tapdılar. Arvadı bərk sorğu-suala tutub, cavab almayanda güllələmək istəyiblər. Amma onlardan biri evdə, servantın şüşəsindəki şəkillərdə İkinci dünya müharibəsində döyüşən babasının fotosunu görür. Məlum olur ki, Rusiya ordusunun zabitlərindən birinin babası, bu arvadın ərinin - yəni Ukrayna ordusunun zabitinin babası ilə Sovet ordusunda birlikdə xidmət edib, faşistlərə qarşı vuruşublar. Bundan sonra arvadı rahat buraxıb evdən uzaqlaşıblar...
Çəkilişimi edib qəsəbədən Sumı şəhərinə qayıtdım. Birdən yadıma düşdü ki, bu gün Ruslanla danışıb, sabah Poltovaya qayıtmağı planlaşdırmalıyıq. Hətta qəribə gəldi ki, mən unutsam da, məndən ötrü hər addımda narahat olan Ruslanın özü nə əcəb axtarmır. Bir neçə dəfə yığdım, telefonu sönülü idi. Mesencerlərdə setdə görünmür. Axşam düşməmiş, Sumı vilayət administrasiyasına gəldim. Çünki o, yardımları gətirib burada təhvil verirdi. Administrasiyanın qabağı qələbəlik idi. Girib içəridə əvvəldən bildiyim aidiyyəti şöbəyə yaxınlaşıb onu soruşanda eşitdiyim məni sarsıtdı. Elə gəldiyimiz günün ilk gecəsi onun qaldığı evə raket düşüb, sakinlərlə birgə Ruslan da həlak olub...
Mübariz Aslanov