Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bizdəki pərəstiş başqadır, məşhursansa...
Kubra Məhərrəmova yazır...
Məşhurların həyatı sıravi insanlara hər zaman maraqlı gəlib. Amma bizdəki pərəstiş bir başqadır. Bu pərəstişi görən bir çoxları da elə düşünür ki, məşhur olduqları üçün onlara hər şey olar.
Məsələn, sürət həddini aşmaq, borc alıb qaytarmamaq, təhqir etmək, vurmaq-döymək və s. kimi qanundankənar hərəkətlər bəzi yerli məşhurlar üçün adi, gündəlik, normal davranış modelidir. Yəni mən məşhuram, mənə olar.
Hətta bəziləri açıq surətdə narkotik vasitələrdən istifadə etdiklərini etiraf ediblər. Bəziləri isə elə narkotik vasitələrdən istifadəyə görə həyatı ilə də vidalaşıblar. Bəlkə burada deyəcəksiniz ki, özü bilər, başı qarnına. Kim nə istifadə edir özü bilər, əsas sənəti gözəl olsun.
Düzdür, onsuz da nəsə olanda, özlərinə olur. Amma və lakin özləri ilə birgə bir sıra insanları da dibə aparırlar.
Dünən bir zamanlar şou-biznes meydanında at oynadan Təranə Səmədova 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edim ki, bu onun ilk məhkumluğu deyil. T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Azadlığa çıxandan sonra - 2019-cu ildə qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı, lakin ona həbs cəzası verilməmişdi. Çünki o vaxt ikinci övladına hamilə idi. 400 manat cərimə ödədi, məsələ bağlandı.
Bəlkə də, bu kimi güzəştlər insanlarda bir arxayınlıq yaradır. Bəlkə də, ona güzəşt edilməsəydi o, bir neçə gün öncə 6 il həbsə məhkum olunmazdı.
Əgər əvvəlki məhkumluq həyatını insan-qadın alverinə görə yaşamışdısa, budəfəki ittiham Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi idi.
İndi deyəcəksiniz ki, niyə bu yazını yazdım? Çünki hər bir kəs anlamalıdır ki, əgər qanunu pozursa, mütləq şəkildə cəzasını da alacaq. Hələ mən, T.Səmədovanın iki azyaşlı uşağının necə olacağını demirəm. Ümid edirəm ki, onlarla hər şey qaydasında olacaq.
Bunu yazmaqda ən əsas məqsədim də, gənclərin bu nümunədən dərs götürməsidir.
Qardaşlar, bacılar, heç nə cəzasız qalmır. Bir az vaxt alsa da, mütləq cəzalandırılır.
Onsuz da son zamanlar gənc və yeniyetmələr arasında “AUE”, “oğru dünyası” kimi həyat tərzlərinin təbliği baş alıb gedir.
Gənclər özlərini “oğru dünyası”nın ağsaqqalı görmək üçün xəyallar qurduğu halda, sağlam həyat tərzindən sürətlə uzaqlaşırlar.
Bəlkə də, ona görə ki, yaxşı olmaq çətindir və çox zəhmət tələb edir.
Bunun üçün illərlə təhsil almaq, təcrübə keçmək, yuxusuz gecələrlə imtahana hazırlaşmaq tələb olunur. Amma oğru olmaq çətin deyil, həmçinin narkotik vasitələrdən istifadə etmək, onu satmaq, təbliğ etmək, kimisə təhdid edib, pul qoparmaq. Bu çox asan yoldur axı...
Uzun sözün qısası, T. Səmədova bir zamanlar ən lüks məclislərin arzuolunan qonağı idi. Efirlər onu qonaq kimi dəvət etməkdə yarışa çıxmışdılar. Ölkənin aparıcı müğənniləri onunla işləmək istəyirdilər. Saytlar ondan yazırdılar. Haqqına girməyək, adam müğənni olmasa da özünü cəmiyyət, şou-biznes, efir və saytlar üçün maraqlı etmişdi. Üstəgəl yaxşı da qazanırdı.
Və ən vacibi iki övladı var. Amma bir-birinin ardınca etdiyi səhvlər ona çox baha başa gəldi, azadlıqdan məhrum olundu, övladlarının üzünə həsrət qaldı...
Bunu görən gənclərimiz özləri üçün nəticə çıxarsalar gözəl olar. Heç kəs günahsız deyil. Amma heç kim də cəzasız qalmır.
T. Səmədova isə ikinci dəfə dəmir barmaqlılar arxasında, bu dəfə 6 il qalacaq. Allah ona səbir, övladlarına cansağlığı versin.
"Təranə Səmədova" teqi üzrə xəbərlər
- Təranə Səmədovanın işi Ali Məhkəmədə
- Prodüser Təranə Səmədova yenidən hakim qarşısına çıxacaq
- Məhkəmə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən məşhur prodüserlə bağlı qərar verdi
- Təranə Səmədova yenidən hakim qarşısına çıxarılır
- Ermənistanın Vaşinqtonla gizli sövdələşməsi nədir? - Xəbərlərin 20:00 buraxılışı
Rəylər