Azərbaycanlıların iştirakı ilə Böyük Vətən müharibəsinin 72 illiyinə həsr olunan layihə təqdim olunub.
Layihənin müəllifi Seymur Zəkaryayev Oxu.Az-a açıqlamasında onun necə ərsəyə gəlməsindən danışıb.
“Aprel ayında Rusiyanın “NTV” kanalının “Facebook” səhifəsində Böyük Vətən müharibəsinə həsr olunmuş sosial aksiyanın anonsunu gördüm. Həmin layihədə MDB ölkələrinin gəncləri iştirak edirdilər. Layihəni #ОднаНаВсех həşteqi ilə hazırlayıb təqdim etmək mümkün idi. Sosial çarxda Bulat Okudjavanın “Belorusskiy vokzal” mahnısı istifadə olunmuşdu. Anonsda “NTV”-nin “Tı super” layihəsinin iştirakçıları yer almışdı.
Düşündüm ki, biz də həmin sosial aksiyaya qoşula bilərik və “Qış” festivalının yetirmələrini bu layihəyə cəlb etdim. “Rast” qrupunun keçmiş üzvü, tanınmış musiqiçi Rüstəm Rzayev layihə üçün mahnı hazırladı. Daha sonra veteranları dəvət etdim və beləliklə, Emin Muradovun rejissorluğu ilə layihə ərsəyə gəldi”, - deyə o bildirib.
“Hazırladığmız videoçarxla bağlı sosial şəbəkədə 3 gün ərzində 7400 paylaşım olub və 200 mindən çox insan bu videonu izləyib. Layihədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm”, - deyə S.Zəkaryayev əlavə edib.
Aytən Sadıqzadə