Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus ümumilikdə 64 avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Avtomobillərin içərisində erməni ailələri və uşaqları da olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-yə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 103-ə çatıb.
13:56
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 121 gündür davam edir.
Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları həmçinin Rusiya sülhməramlıları ilə üz-üzə duran əsgərlərimizə dəstək olaraq “Ən böyük əsgər bizim əsgər!” şüarını səsləndiriblər.



