Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Broyler yumurtaları ZƏRƏRLİDİR? - XƏBƏRDARLIQ
Azərbaycanda toyuq əti gündəlik tələbat məhsulları sırasındadır. Toyuq ətini istehlak edənlərin çoxu broyler məhsullarına üstünlük verir. Çünki broyler toyuğu kənd toyuğundan - yəni kənar müdaxilə, xüsusi şərait, qida və dərmanlar olmadan yetişdirilən toyuqdan ucuzdur. Həmçinin broyler yumurtası da kənd yumurtasından qat-qat ucuz satılır.
Cibimizə görə faydalı olduğunu düşündüyümüz bu məhsulların təəssüf ki, sağlamlığa ziyanları çoxdur. Broyler məhsullarının ziyanlı olduğu barədə xeyli sayda fikirlər mövcuddur.
Yəni bu toyuqlar günəş işığı olmadan, hərəkətsiz şəkildə bəslənirlər. Süni işıqlandırılmaya məruz qalırlar, həmçinin kimyəvi dərmanlar, hormonal tərkibli süni yemlərlə qidalanırlar.
Yemlərə vurulan və insan orqanizmi üçün təhlükəli hesab edilən dioksin maddəsi onun kəsildikdən uzun müddət sonra belə xarab olmasının qarşısını alır.
Bəs bu cür zərərli maddələrdən istifadə etməklə yetişdirilən toyuqların və onların yumurtalarının hansı zərərləri var?
Ölkəmizdə də çox istehlak edilən broyler toyuq və yumurtalarının zərərləri haqqında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya danışıb.
O bildirib ki, broyler toyuqlarının yetişdirilməsində, tez çəki almasında bir çox zərərli dərmanlardan istifadə olunur:
"Sənaye üsulu ilə saxlanılan broyler toyuqları var ki, bu broyler toyuqlarının az bir zamanda ağır çəkiyə sahib olması, eyni zamanda, xəstəliklərdən qorunması, hərəkətsiz şəkildə saxlanılmasına görə bir çox kimyəvi, hormonlu dərmanlardan, antibiotiklərdən istifadə olunur. Onların daha tez çox çəkiyə sahib olması, hərəkət etməməsi üçün onları bir-birinə yaxın yerdə, kiçik sahədə saxlayırlar. Belə olan halda toyuq normal inkişaf etmir və normalda 3-4 ayda əldə edəcəyi çəkiyə həmin toyuqlar 28, ən yaxşı halda 56 gündə çatırlar.
Onların yetişdirilməsində istifadə edilən antibiotiklər var ki, bu antibiotiklər daha çox xəstəliklərdən qorunmaq üçün istifadə olunsa da, eyni zamanda, orqanizmdə faydalı bakteriyaların da məhv olmasına gətirib çıxarır. Bu səbəbdən qəbul etdiyimiz həmin toyuğa verilən antibiotiklər insan orqanizminə eyni təsiri göstərir".
Bu şəxslərə daha çox zərər verir
Mütəxəssis qeyd edib ki, broyler toyuqlarına verilən hormonlu dərmanlar yetkinlik yaşına çatmış qız və oğlanlara mənfi təsir edir:
"Digər məqam isə toyuqların yetişdirilməsində istifadə olunan hormonlu dərmanlar toyuq, yumurta vasitəsilə insan orqanizminə keçir ki, bu da qızlarda cinsi yetişkənlik dövrünün daha erkən başlamasına və oğlanlarda cinsi yetişkənlik dövrünün pozulmasına gətirib çıxarır".
Ekspert hesab edir ki, broyler yumurtaları keyfiyyətcə çox aşağıdır:
"Həmin toyuqların yumurtlaması üçün süni gur işıqlar verilir. Yəni bir gün ərzində süni şəkildə gecə-gündüz effekti yaradıb, onları aldadaraq daha çox yumurtlamasına səbəb olurlar. Say etibarı ilə artırsalar da, təbii yetişmədiyinə, təbii prosesdən keçmədiyinə görə, yumurtanın tərkibindəki makro və mikroelementlər kənd yumurtasına görə daha aşağı olur.
Təhlükəsizlik baxımından faydalı olsa da, amma keyfiyyət, sağlamlıq baxımdan heç də sənaye üsulu ilə yetişdirilən yumurta kənd yumurtasını əvəz edə bilməz. Ona görə də yaxşı olar ki, quş əti, toyuq əti məhsullarını mənşəyi bəlli olan yerdən, təbiisini alsınlar".