Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı da olub.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O, qeyd edib ki, Azərbaycanın Belçika Krallığındakı səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir:
“Paytaxt Brüsseldə yaşanan hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər”.
H.Hacıyev əlavə edib ki, “Zaventem” hava limanında partlayış baş verən vaxtda ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub:
“Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır”.
Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
13:05
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O, həmçinin bildirib ki, Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.
Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 17 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hadisədən sonra bütün reyslər ləğv edilib.