Bu gün dünyada Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü qeyd edilir.
Oxu.Az xatırladır ki, bu əlamətdar gün 1994-cü ildə BMT Baş Assambleyasının 49/115 saylı qətnaməsi ilə təsis olunub. Tarixin seçilməsi isə 1994-cü il iyunun 17-də Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının qəbul edilməsinin ildönümü ilə bağlıdır.
Konvensiyaya əsasən, hər il iyunun 17-də keçirilən tədbirlər səhralaşma və quraqlığın nəticələri ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinin vurğulanmasına, eləcə də ictimaiyyətin bu sahədə məlumatlandırılmasına xidmət edir.
BMT Baş Assambleyası 2010-2020-ci illəri "Səhralar və Səhralaşma ilə Mübarizə üzrə BMT Onilliyi" elan etmişdi. Təşəbbüsün əsas məqsədi quraq ərazilərin qorunması və torpaq deqradasiyasının qarşısının alınmasına yönəlmiş tədbirlərə dəstək vermək idi.
Mütəxəssislərin fikrincə, səhralaşma müasir dövrdə ətraf mühitin üzləşdiyi ən ciddi problemlərdən biridir. Hazırda dünya torpaq ehtiyatlarının 40 faizə qədəri deqradasiyaya uğrayıb ki, bu da bir milyarddan çox insanın yaşayış vasitələrinə və sağlamlığına təhlükə yaradır.
Quraqlıq isə insan itkisinə səbəb olan ən dağıdıcı təbii fəlakətlərdən biri hesab olunur. Son illərdə iqlim dəyişikliyi və torpaq deqradasiyası nəticəsində quraqlıqların sayı və şiddəti artıb. Məlumatlara görə, 2000-ci illə müqayisədə quraqlıq halları 29 faiz çoxalıb və hər il təxminən 55 milyon insan bu problemin təsirinə məruz qalır. Proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin dörddə üçü quraqlığın təsirlərini hiss edə bilər.
Ekspertlər bildirirlər ki, sağlam torpaq yalnız ərzaq təhlükəsizliyinin təmin olunması üçün deyil, həm də insanların yaşayışı, məşğulluğu və təbii fəlakətlərdən qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislər səhralaşmanın qarşısının alınması üçün meşələrin bərpası, su ehtiyatlarından səmərəli istifadə, torpaqların möhkəmləndirilməsi, gübrələnməsi və təbii bərpa üsullarının tətbiqini vacib hesab edirlər.
Qeyd edək ki, Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Gününün hər il xüsusi mövzusu müəyyən edilir. 2026-cı ilin mövzusu "Pastoral Torpaqlar: Tanı. Hörmət et. Bərpa et" şüarı altında otlaq sahələrinin qorunması və bərpasına həsr olunub. Bu çərçivədə otlaqların iqtisadi, ekoloji və mədəni əhəmiyyətinin artırılması, onların qorunmasına və bərpasına daha çox investisiya yönəldilməsi çağırışı edilir.