Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən ötən il 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunub, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bu gün baş tutan kollegiya iclasında nazir Ramil Usubov deyib.
O, bildirib ki, hesabat ilində vətəndaşlardan Nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olub, onların yalnız 3%-ni polis əməkdaşlarından şikayətlər təşkil edib.
O da nəzərə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də böyük tələbkarlıqla yanaşılıb.
Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanan 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunan 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib.
Məruzədə əldə olunan uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.