Cari ilin birinci yarımili ərzində cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 43 cinayət qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.
O bildirib ki, qeydə alınan 43 cinayət hadisəsindən 30-u görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilib:
“Keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 ədəd mobil telefonun gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb”.
Cinayətkarlıqla mübarizədə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqənin daha səmərəli təşkili məqsədi ilə görülən tədbirlərdən danışan general-mayor narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasına dair görülən işlərə də diqqət çəkib:
“Daxili işlər orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində 32 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Hesabat dövründə 461 cinayətin açılmasına köməklik göstərilib”.
Könül Cəfərli